Axtarış nəticələrində bəzi saytların altında ulduz reytinqi, qiymət, hazırlanma müddəti və ya suallar görünür. Digərləri isə sadəcə başlıq və təsvirlə qalır. Fərqi yaradan schema markup-dur.
Bu məqalədə schema markup-un nə olduğunu, necə işlədiyini, hansı növləri olduğunu və sayta necə əlavə edildiyini izah edəcəyəm. Texniki baza üçün Texniki SEO məqaləmə baxa bilərsiniz.
Schema Markup nədir?
Schema markup səhifənin nə haqqında olduğunu axtarış sistemlərinə struktur şəkildə izah edən xüsusi koddur. Ona «struktur verilənlər» (structured data) da deyilir.
Məsələ budur: Google səhifədəki mətni oxuya bilir, amma onu anlamaq başqa şeydir. Səhifədə «199 ₼» yazısını görəndə bunun qiymət, endirim, yoxsa təsadüfi rəqəm olduğunu dəqiq bilmir.
Schema markup məhz bunu həll edir — kod vasitəsilə deyirsiniz: «Bu, kursdur. Adı budur. Qiyməti 199 manatdır. Müəllifi Kanan Nasibovdur.»
Standart schema.org saytında müəyyən olunub və Google, Bing, Yandex kimi axtarış sistemləri onu birlikdə dəstəkləyir.
Schema Markup necə işləyir?
Schema kodu səhifənin HTML-inə əlavə olunur, amma ziyarətçiyə görünmür. Yalnız botlar onu oxuyur.
Üç yazılış formatı var, amma Google-un rəsmi tövsiyəsi birincisidir:
- JSON-LD — ayrıca kod bloku kimi yazılır. Tövsiyə olunan üsul
- Microdata — HTML teqlərinin içinə yazılır, köhnə üsuldur
- RDFa — nadir işlədilir
Google bu məlumatı oxuyandan sonra səhifəni daha dəqiq başa düşür və bəzi hallarda axtarış nəticəsində rich snippet — zənginləşdirilmiş nəticə göstərir.
Vacib bir incəlik: schema əlavə etmək rich snippet-i zəmanət etmir. Google onu göstərib-göstərməməyi özü qərarlaşdırır.
Schema Markup növləri hansılardır?
Yüzlərlə növ var, amma praktikada bir neçəsi işlənir.
| Növ | Kimə lazımdır | Nəticədə nə görünür |
|---|---|---|
| Article | Bloq yazıları | Tarix, müəllif, şəkil |
| FAQPage | Suallı səhifələr | Açılan sual-cavablar |
| Product | E-ticarət | Qiymət, stok, reytinq |
| LocalBusiness | Fiziki bizneslər | Ünvan, iş saatı, xəritə |
| Course | Kurs satanlar | Kurs adı, təşkilatçı |
| Review / AggregateRating | Rəy toplayanlar | Ulduz reytinqi |
| BreadcrumbList | Bütün saytlar | Naviqasiya yolu |
| Organization | Şirkətlər | Loqo, sosial profillər |
| VideoObject | Video məzmun | Video önizləməsi |
| HowTo | Təlimat yazıları | Addımlar siyahısı |
Çoxu bir səhifədə birləşir. Məsələn bloq yazısında eyni vaxtda Article, FAQPage və BreadcrumbList ola bilər.
Lokal biznes üçün LocalBusiness xüsusilə vacibdir — detallı izah Lokal SEO məqaləmdədir.
Schema Kodlar necə əlavə olunur?
WordPress üçün — plaginlə
Ən asan yoldur və kod bilik tələb etmir. Rank Math və ya Yoast quraşdırılıbsa, əsas schema növləri onsuz da avtomatik əlavə olunur.
Rank Math-da əl ilə qurmaq üçün: yazını redaktə edin → sağ yuxarıda Rank Math işarəsi → Schema tabı → növü seçin və sahələri doldurun.
Bütün yazılar üçün standart növ təyin etmək də olar: Rank Math → Başlıqlar və Meta → müvafiq bölmə → «Schema Türü».
Əl ilə — JSON-LD kodu ilə
Daha çevik üsuldur. Kod səhifənin <head> hissəsinə və ya məzmunun içinə yerləşdirilir.
Sadə bir nümunə — bloq yazısı üçün Article schema-sının strukturu belədir: növ (Article), başlıq, müəllif adı, dərc tarixi, şəkil ünvanı və naşir məlumatı.
Kodu sıfırdan yazmağa ehtiyac yoxdur — Google Structured Data Markup Helper və ya Merkle Schema Generator kimi pulsuz alətlər sahələri doldurduqca hazır kod yaradır.
Süni intellektdən də istifadə edə bilərsiniz — ChatGPT-yə səhifənin məlumatlarını verib JSON-LD kodu yazdırmaq bir neçə saniyə çəkir.
Schema Markup SEO-ya necə təsir edir?
Əvvəlcə bir dəqiqləşdirmə: schema birbaşa sıralama amili deyil. Google bunu rəsmən təsdiqləyib. Amma dolayı təsiri ciddidir.
- Klik nisbətini artırır. Ulduz və qiymət görünən nəticə daha çox diqqət çəkir — CTR isə dolayı yolla sıralamaya kömək edir.
- Səhifənin anlaşılmasını yaxşılaşdırır. Google məzmunu dəqiq başa düşəndə onu daha uyğun sorğularda göstərir.
- Süni intellekt cavablarında kömək edir. AI modelləri strukturlu məlumatdan daha asan sitat gətirir — bu, getdikcə vacibləşir.
- Səsli axtarışda üstünlük verir. Qısa və struktur cavablar səsli nəticələrdə üstün tutulur.
- Brend məlumatlarını möhkəmləndirir. Organization schema loqo və sosial profilləri Google-a tanıdır.
Yəni schema sıralamanı birbaşa qaldırmır, amma eyni mövqedə olan iki saytdan birinə üstünlük qazandırır.
Schema Kodlar necə yoxlanılır?
Əlavə etdikdən sonra mütləq yoxlayın — səhv yazılmış schema heç nə etmir, bəzən isə xəbərdarlıq yaradır.
- Rich Results Test — Google-un rəsmi aləti. Səhifənin hansı zəngin nəticəyə uyğun olduğunu göstərir
- Schema Markup Validator — schema.org-un öz aləti, sintaksisi yoxlayır
- Google Search Console → «Enhancements» bölməsi. Bütün sayt üzrə xətaları toplu göstərir
Search Console ən dəyərlisidir, çünki vaxtaşırı yaranan problemləri özü aşkarlayır və bildiriş göndərir.
Schema Markup-da ən çox buraxılan səhvlər
- Səhifədə olmayan məlumatı schema-da göstərmək. Bu, qaydaların birbaşa pozuntusudur və cəza gətirə bilər.
- Saxta reytinq yazmaq. Rəy olmadan ulduz schema-sı əlavə etmək ən çox cəzalandırılan haldır.
- Təkrarlanan schema. Həm plagin, həm də əl ilə eyni növü əlavə etmək ziddiyyət yaradır.
- Yanlış növ seçmək. Bloq yazısına Product schema qoymaq işləmir.
- Yoxlamamaq. Sintaksis səhvi olan kod sadəcə nəzərə alınmır.
- Məlumatı yeniləməmək. Qiymət dəyişib, schema köhnə qalıbsa uyğunsuzluq yaranır.
Saytınızın texniki auditini və schema qurulmasını mənə həvalə etmək istəyirsinizsə SEO xidmətimə, özünüz öyrənmək istəyirsinizsə SEO kursuma baxa bilərsiniz.
Schema Markup haqqında verilən suallar
Schema Markup sıralamanı qaldırırmı?
Birbaşa yox — Google bunu rəsmən bildirib. Amma klik nisbətini artırdığı və səhifənin anlaşılmasını yaxşılaşdırdığı üçün dolayı fayda verir.
Rich snippet nə vaxt görünür?
Google səhifəni yenidən taradıqdan sonra — adətən bir neçə gündən bir neçə həftəyə qədər. Bəzən schema düzgün olsa belə göstərilmir, çünki qərar Google-a aiddir.
Kod bilməyənlər schema əlavə edə bilərmi?
Bəli. Rank Math və Yoast əsas növləri avtomatik qurur. Əlavə növlər üçün isə pulsuz generator alətlərindən istifadə etmək kifayətdir.
Bir səhifədə neçə schema olmalıdır?
Məhdudiyyət yoxdur, amma yalnız səhifəyə həqiqətən uyğun olanları əlavə edin. Lazımsız schema fayda vermir, səhv olanı isə zərər verir.
FAQ schema-sı hələ də işləyirmi?
Google FAQ zəngin nəticələrinin göstərilməsini xeyli məhdudlaşdırıb — əsasən tanınmış saytlarda görünür. Buna baxmayaraq schema-nı saxlamaq faydalıdır, çünki süni intellekt sistemləri həmin strukturdan istifadə edir.
Schema kodu-u silmək zərər verərmi?
Sıralama birbaşa dəyişməz, amma zəngin nəticələr itəcək və klik nisbəti aşağı düşə bilər. Düzgün qurulmuş schema-nı silməyə səbəb yoxdur.
Bu mövzuda kömək lazımdır?
Kurslarıma baxın və ya birbaşa mənə yazın — layihənizi birlikdə nəzərdən keçirək.