Domain nədir? Domen seçimək üçün 8 Qızıl Qayda

domain seçimi , domen almaq (1)

İnternetdəki hər saytın bir ünvanı var. Siz brauzerə nasibovkanan.com yazırsınız və səhifə açılır. Həmin ünvan domain adlanır — və onlayn biznes qurmağın ilk addımıdır.

Bu məqalədə domenin nə olduğunu, necə işlədiyini, hansı növlərinin mövcud olduğunu, düzgün adın necə seçildiyini və alarkən nələrə diqqət etmək lazım gəldiyini izah edəcəyəm. Sayt qurmaq prosesinin bütünü ilə maraqlanırsınızsa, vebsayt qurmaq məqaləm bu mövzunu davam etdirir.

Domain nədir?

Domain (azərbaycanca domen) saytın internetdəki ünvanıdır — insanların yadda saxlaya biləcəyi mətn şəklində yazılan addır.

Texniki olaraq hər sayt bir IP ünvanında yerləşir, məsələn 178.16.128.79. Belə rəqəm sıralarını yadda saxlamaq mümkün deyil. Domen məhz bu problemi həll edir: rəqəmli ünvanın üzərinə oxunaqlı bir ad qoyur.

Sadə bənzətmə ilə: IP ünvanı binanın koordinatıdır, domen isə küçə adı və bina nömrəsidir. İkisi də eyni yerə aparır, amma biri yadda qalır, digəri yox.

Domain necə işləyir?

Brauzerə domen yazdığınız andan səhifənin açılmasına qədər arxa planda dörd addım baş verir:

  1. Sorğu göndərilir. Brauzer DNS serverinə müraciət edir: “bu domen hansı IP ünvanına aiddir?”
  2. DNS cavab verir. Ad serverləri domenə bağlı IP ünvanını qaytarır.
  3. Serverə qoşulma baş verir. Brauzer həmin IP ünvanındakı serverə birləşir.
  4. Səhifə yüklənir. Server faylları göndərir, brauzer onları ekranda göstərir.

Bütün bu proses adətən bir saniyənin kiçik hissəsində tamamlanır. DNS (Domain Name System) isə bu sistemin mərkəzindəki telefon kitabçasıdır — hansı domenin hansı serverə aid olduğunu saxlayır.

Domeni başqa hostinqə köçürəndə məhz DNS qeydləri dəyişir. Bu dəyişikliyin bütün dünyaya yayılması bir neçə saatdan 48 saata qədər çəkə bilər — buna DNS propaqasiyası deyilir.

Domenin hissələri

Bir domen ünvanı bir neçə hissədən ibarətdir. https://www.nasibovkanan.com/bloq/ nümunəsində:

HissəNümunəNə deməkdir
Protokolhttps://Bağlantının şifrələnmiş olduğunu bildirir
SubdomenwwwƏsas domenin alt bölməsi
İkinci səviyyə domennasibovkananSizin seçdiyiniz ad — brendiniz
Üst səviyyə domen (TLD).comDomen uzantısı
Yol (path)/bloq/Saytın daxilindəki konkret səhifə

Sonuncu hissə — yol — birbaşa SEO ilə bağlıdır. Səhifə ünvanlarının necə qurulması lazım olduğunu URL strukturu məqaləsində ətraflı yazmışam.

Domain növləri

Ümumi domenlər (gTLD)

Hər kəsə açıq olan, ölkə məhdudiyyəti olmayan uzantılar:

  • .com — ən geniş yayılmışı, kommersiya saytları üçün standart seçim
  • .net — texnologiya və şəbəkə layihələri
  • .org — qeyri-kommersiya təşkilatları
  • .info — məlumat saytları
  • .biz — biznes yönümlü

Ölkə domenləri (ccTLD)

Konkret ölkəyə aid uzantılar: .az (Azərbaycan), .tr (Türkiyə), .ru (Rusiya), .de (Almaniya), .uk (Böyük Britaniya).

Bunlar lokal auditoriya üçün güclü siqnaldır. Yalnız Azərbaycanda xidmət göstərirsinizsə, .az uzantısı həm etibar yaradır, həm də lokal axtarışlarda kömək edir. Bu mövzu lokal SEO məqaləsində daha geniş açılıb.

Yeni uzantılar

Son illərdə .online, .store, .shop, .app, .dev, .agency kimi onlarla yeni uzantı yaranıb. Ucuz və asan tapılır, amma bir çatışmazlığı var: insanlar onlara hələ də .com qədər etibar etmir.

.az domeni — Azərbaycan üçün nə bilmək lazımdır

.az Azərbaycanın rəsmi ölkə domenidir və bir neçə ikinci səviyyə variantı mövcuddur:

UzantıKimin üçün
.azÜmumi istifadə
.com.azKommersiya təşkilatları
.net.azŞəbəkə və texnologiya
.org.azQeyri-kommersiya təşkilatları
.edu.azTəhsil müəssisələri
.gov.azDövlət qurumları
.pp.azFiziki şəxslər

Bəzi uzantılar üçün sənəd tələb olunur — məsələn .edu.az və .gov.az yalnız müvafiq qurumlara verilir. Qeydiyyat şərtləri və qiymətlər vaxtaşırı dəyişdiyi üçün son məlumatı rəsmi reyestrdən və ya akkreditasiyalı registratordan yoxlayın.

Praktiki tövsiyə: Azərbaycan bazarına xidmət göstərirsinizsə, imkan daxilində həm .com, həm də .az variantını alın. Birini əsas sayt kimi işlədin, digərini ona yönləndirin. Yönləndirmənin düzgün üsulunu 301 yönləndirmə məqaləsində izah etmişəm.

Domain necə seçilir? 8 qayda

  • Qısa saxlayın. İdeal uzunluq 6–14 simvoldur. Nə qədər qısadırsa, bir o qədər yadda qalır
  • Tələffüz edilə bilsin. Telefonda deyəndə qarşı tərəf səhvsiz yaza bilməlidir
  • Defis və rəqəmdən qaçın. seo-xidmeti-baki.com tipli adlar həm yazılarkən səhv salınır, həm ucuz təsir bağışlayır
  • Azərbaycan hərflərini işlətməyin. ə, ğ, ı, ö, ü, ş, ç hərfləri domendə problem yaradır — latın qarşılıqlarını yazın
  • Brend adı seçin, açar söz yox. Google artıq açar sözlü domenlərə üstünlük vermir, amma brend adı illər boyu dəyər toplayır
  • Genişlənməyə yer qoyun. bakiseo.com adı şəhər dəyişəndə və ya xidmət artanda sizi məhdudlaşdırır
  • Sosial media adlarını yoxlayın. Domen boşdursa, amma Instagram-da həmin ad tutulubsa, brend bütövlüyü itir
  • Ticarət nişanını yoxlayın. Mövcud brendə bənzəyən ad hüquqi problem yarada bilər

Domen seçimi əslində brend qərarıdır. Ad seçməzdən əvvəl brendinq nədir məqaləsini oxumağınızı məsləhət görürəm — orada adın hansı prinsiplərlə seçildiyini yazmışam.

Domain və hostinq arasındakı fərq

Yeni başlayanların ən çox qarışdırdığı iki anlayışdır. Fərq budur:

DomainHostinq
NədirSaytın ünvanıSaytın faylları saxlanan yer
BənzətməEvin ünvanıEvin özü
ÖdənişİllikAylıq və ya illik
Hər ikisi lazımdır?BəliBəli

İkisini eyni şirkətdən almaq rahatdır, amma məcburi deyil. Hətta ayrı yerlərdən almağın bir üstünlüyü var: hostinq şirkətini dəyişmək istəyəndə domeni köçürmək lazım gəlmir, sadəcə DNS qeydlərini yeniləyirsiniz.

Domain haradan alınır?

Domenlər registrator adlanan akkreditasiyalı şirkətlər vasitəsilə alınır. Beynəlxalq uzantılar üçün ən çox işlədilənlər: Namecheap, GoDaddy, Cloudflare Registrar, Hostinger, Porkbun.

.az uzantısı üçün isə Azərbaycanda fəaliyyət göstərən yerli registratorlara müraciət etmək lazımdır.

Alarkən diqqət edin: bir çox registrator ilk il üçün çox aşağı qiymət təklif edir, ikinci ildən isə qiymət bir neçə dəfə artır. Yeniləmə qiymətini mütləq əvvəlcədən yoxlayın.

Domain alarkən ən çox buraxılan səhvlər

  • ❌ Yeniləməni unutmaq. Domenin müddəti bitəndə sayt tamamilə söndürülür. Avtomatik yeniləməni aktiv edin
  • ❌ E-poçt ünvanını yeniləməmək. Registratorun xəbərdarlıqları köhnə e-poçta gedirsə, domeni itirə bilərsiniz
  • ❌ Çox uzun ad seçmək. 20 simvoldan uzun domenlər yazılarkən səhv salınır
  • ❌ WHOIS gizliliyini qurmamaq. Şəxsi məlumatlarınız açıq qalır və spam axını başlayır
  • ❌ İstifadə olunmuş domeni yoxlamadan almaq. Əvvəlki sahibi spam etmişsə, Google cəzası sizə miras qalır
  • ❌ Yalnız bir il almaq. Uzunmüddətli qeydiyyat həm ucuz başa gəlir, həm unutma riskini aradan qaldırır

Beşinci bənd xüsusilə vacibdir. İkinci əldən domen alırsınızsa, əvvəlcə onun keçmişini yoxlayın — arxiv saytlarında tarixçəsinə baxın və Google-da site:domenadi.com sorğusu ilə indekslənmiş səhifələrini görün.

Domain SEO-ya təsir edirmi?

Qismən. Bir neçə mifi dağıtmaq lazımdır:

  • Açar sözlü domen artıq üstünlük vermir. seokursu.com adı özlüyündə sizi yuxarı qaldırmır
  • Uzantı seçimi reytinqə birbaşa təsir etmir — .com ilə .online arasında Google üçün fərq yoxdur
  • Domenin yaşı dolayı faktordur. Köhnə domen daha çox link və etibar toplamağa macal tapıb — yaşın özü yox, topladığı dəyər işləyir
  • ccTLD lokal axtarışda kömək edir. .az uzantısı Azərbaycan istifadəçiləri üçün coğrafi siqnal verir

Reytinqi müəyyən edən əsas amillər məzmun keyfiyyəti, texniki quruluş və xarici linklərdir. Bu sistemin bütünü ilə tanış olmaq üçün SEO nədir və texniki SEO məqalələrimə baxa bilərsiniz.

Yeni sayt qurursunuzsa, ilk gündən düzgün quruluşla başlamaq sonradan düzəltməkdən qat-qat asandır. Bütün addımları ardıcıl şəkildə keçmək üçün SEO Checklist məhsulumdan istifadə edə bilərsiniz.

Domain haqqında verilən suallar

Domain nə qədər müddətə alınır?

Minimum bir il, maksimum adətən on il. Domen heç vaxt tam mülkiyyətinizə keçmir — onu müəyyən müddətə icarəyə götürürsünüz və hər dövrün sonunda yeniləmək lazımdır.

Domeni başqa registratora köçürmək olarmı?

Bəli. Bunun üçün mövcud registratordan transfer kodu (EPP kodu) alırsınız və yeni registratorda köçürməni başladırsınız. Qeyd: domen qeydiyyatdan keçdikdən və ya köçürüldükdən sonra ilk 60 gün ərzində yenidən köçürülə bilmir.

İstədiyim domen tutulubsa nə etməli?

Üç variant var: başqa uzantı seçin (.com əvəzinə .az), ada qısa söz əlavə edin (məsələn get, my, hub), yaxud sahibinə təklif göndərin. Sonuncu bahalı başa gələ bilər — ona görə əvvəlcə alternativ adları sınayın.

www olsun, ya olmasın?

Texniki olaraq fərq yoxdur, hər ikisi işləyir. Vacib olan birini seçib digərini ona yönləndirməkdir. Əks halda Google eyni saytı iki ayrı ünvan kimi görür və bu, reytinqə zərər verir.

Domen alanda SSL sertifikatı da lazımdırmı?

Bəli, mütləq. SSL ünvanın https:// ilə başlamasını təmin edir. Onsuz brauzerlər “təhlükəsiz deyil” xəbərdarlığı göstərir və ziyarətçilər saytı tərk edir. Əksər hostinq şirkətləri pulsuz SSL verir.

Bir domendə neçə sayt saxlamaq olar?

Bir əsas sayt, amma subdomenlər vasitəsilə ayrı bölmələr yarada bilərsiniz: bloq.saytiniz.com, magaza.saytiniz.com. Subdomenlər Google tərəfindən çox vaxt ayrı sayt kimi qiymətləndirilir — ona görə əsas məzmunu əsas domendə saxlamaq daha məqsədəuyğundur.

Bu mövzuda kömək lazımdır?

Kurslarıma baxın və ya birbaşa mənə yazın — layihənizi birlikdə nəzərdən keçirək.

Oxumağa davam et

Digər yazılar

canva istifadəsi

Canva necə istifadə olunur? 0-dan Dizayn Yarat

Canva necə istifadə olunur? Şablon seçimi, brend dəsti qurmaq, sosial media ölçüləri, vaxt qazandıran funksiyalar və dizayn səhvləri bir bələdçidə.