Bu gün vebsayt qurmaq üçün proqramçı olmaq lazım deyil. WordPress sayəsində bir neçə saat ərzində işlək, mobil uyğun və SEO-ya hazır sayt yaratmaq mümkündür.
Bu məqalədə domain və hostinq seçimindən başlayıb WordPress quraşdırmaq, tema seçmək və saytı axtarış sistemlərinə hazırlamaq üçün bütün addımları izah edəcəyəm.
Vebsayt qurmaq üçün nə lazımdır?
Sayt qurmaq üçün üç şey lazımdır:
- Domain — saytın ünvanı, məsələn
nasibovkanan.com - Hostinq — saytın fayllarının saxlandığı server
- İdarəetmə sistemi — məzmunu idarə etmək üçün, adətən WordPress
Sadə müqayisə: domain — ünvan, hostinq — torpaq sahəsi, WordPress isə üzərində tikdiyiniz evdir.
Domain necə seçilir?
Domain uzun illər sizinlə qalacaq, ona görə tələsmədən seçin.
- Qısa və yadda qalan olsun. Şifahi deyəndə asan başa düşülməlidir
- Azərbaycan hərflərindən çəkinin. ə, ö, ü, ğ URL-də çətin oxunan simvollara çevrilir
- Defis və rəqəmdən qaçın. Yazarkən səhv salınır
- Uzantı seçin. Beynəlxalq üçün
.com, yalnız yerli bazar üçün.az
Şəxsi brend qurursunuzsa, ad-soyadınızdan ibarət domain ən güclü seçimdir — onu heç kim sizdən ala bilməz.
Hostinq necə seçilir?
Hostinq saytın sürətinə birbaşa təsir edir, sürət isə texniki SEO baxımından sıralama amilidir.
Seçərkən bunlara baxın:
- Server yeri. Auditoriyanız Azərbaycandadırsa, Avropa serverləri (Frankfurt, Amsterdam) uyğundur
- SSL sertifikatı. Pulsuz verilməlidir — HTTPS artıq minimum tələbdir
- Ehtiyat nüsxə. Avtomatik gündəlik backup olmalıdır
- LiteSpeed server. Adi Apache-dən xeyli sürətlidir
- Dəstək. Problem yaranda tez cavab vacibdir
Başlanğıc üçün paylaşılan (shared) hostinq kifayətdir. Trafik artanda VPS-ə keçərsiniz.
WordPress necə quraşdırılır?
Müasir hostinqlərin demək olar hamısında bir kliklə quraşdırma var.
- Hostinq panelinə daxil olun və WordPress bölməsini tapın
- Domeni seçin, sayt adını və admin məlumatlarını yazın
- Quraşdırmanı başladın — bir neçə dəqiqə çəkir
saytiniz.com/wp-adminünvanından panelə daxil olun
Admin istifadəçi adını «admin» qoymayın və güclü şifrə seçin — bu, ən çox hücuma məruz qalan nöqtədir.
İlk qurulma addımları
WordPress quraşdırıldıqdan sonra bu parametrləri dərhal düzəldin:
- Daimi keçidlər. Parametrlər → Daimi keçidlər → «Yazı adı» seçin. Bu, URL strukturu üçün ən doğru variantdır
- Sayt adı və təsviri. Parametrlər → Ümumi
- Vaxt qurşağı. Bakı seçin
- Nümunə məzmunu silin. «Hello World» yazısı və nümunə səhifə
- İndeksləşməni yoxlayın. Parametrlər → Oxuma → «Axtarış sistemlərinə göstərmə» qutusu işarəsiz olsun
Sonuncu bənd çox vaxt unudulur — həmin qutu işarəli qalsa, saytınız Google-da heç vaxt görünməyəcək.
Tema və plagin necə seçilir?
Tema seçimi
Tema saytın dizaynını müəyyən edir. Seçərkən sürətə diqqət edin — ağır temalar Core Web Vitals göstəricilərini pisləşdirir.
Yüngül və populyar variantlar: Astra, GeneratePress, Kadence, Blocksy. Hamısının pulsuz versiyası kifayət edir.
Mütləq lazım olan plaginlər
| Plagin | Nə üçün |
|---|---|
| Rank Math və ya Yoast | SEO parametrləri, sitemap |
| LiteSpeed Cache və ya WP Rocket | Sürət və keş |
| ShortPixel və ya Smush | Şəkil sıxılması |
| Wordfence | Təhlükəsizlik |
| UpdraftPlus | Ehtiyat nüsxə |
Bir qayda: lazımsız plagin quraşdırmayın. Hər plagin sayta yük gətirir və təhlükəsizlik riski yaradır. 10-15 plagindən çoxu adətən problem əlamətidir.
Sayt qurulduqdan sonra SEO addımları
Sayt hazır olan kimi bunları edin:
- Google Search Console-a əlavə edin və sitemap göndərin
- Google Analytics qurun — trafiki ilk gündən ölçün
- Əsas səhifələri yazın: Ana səhifə, Haqqımızda, Xidmətlər, Əlaqə
- Hər səhifənin title və meta təsvirini doldurun — on-page SEO qaydalarına uyğun
- Şəkilləri optimallaşdırın — şəkil SEO qaydaları
- Bloq bölməsi açın — orqanik trafikin əsas mənbəyi budur
Vebsayt qurmaq nə qədərə başa gəlir?
| Xərc | İllik təxmini məbləğ |
|---|---|
| Domain (.com) | 20–30 ₼ |
| Hostinq (başlanğıc) | 60–200 ₼ |
| Tema (pulsuz və ya premium) | 0–120 ₼ |
| Plaginlər | 0–200 ₼ |
Yəni özünüz qurursanız ildə 100–300 manatla sadə biznes saytı işlədə bilərsiniz. Hazır sifariş etsəniz isə mürəkkəbliyə görə 500 manatdan bir neçə min manata qədər dəyişir.
Sayt qurmağı və SEO-nu praktiki olaraq, real layihə üzərində öyrənmək istəyirsinizsə SEO kursuma baxa bilərsiniz — orada domain və hostinqdən başlayaraq bütün addımlar ekranda göstərilir.
Vebsayt qurmaq haqqında verilən suallar
Kod bilmədən sayt qurmaq olarmı?
Bəli. WordPress və müasir temalar vizual redaktorla işləyir. Kod yalnız xüsusi funksiyalar üçün lazım olur.
Nə qədər vaxt aparır?
Texniki quraşdırma bir neçə saat çəkir. Əsas vaxt məzmun hazırlamağa gedir — mətnlər, şəkillər, xidmət təsvirləri.
WordPress yoxsa hazır platformalar?
Hazır platformalar (Wix, Tilda) tez başlamağa imkan verir, amma SEO imkanları məhduddur və saytı köçürmək çətindir. Uzunmüddətli layihə üçün WordPress daha çevikdir.
Sayt Google-da nə vaxt görünəcək?
İndeksləşmə bir neçə gündən bir neçə həftəyə qədər çəkir. Search Console-a sitemap göndərmək bu prosesi sürətləndirir.
Saytımı kim hack edə bilər?
Ən çox risk köhnəlmiş plagin və zəif şifrədən yaranır. WordPress-i, temanı və plaginləri müntəzəm yeniləyin, təhlükəsizlik plagini quraşdırın.
Mobil versiya ayrıca qurulmalıdırmı?
Xeyr. Müasir temalar responsivdir — eyni sayt bütün cihazlara uyğunlaşır. Yalnız nəticəni real telefonda yoxlamaq lazımdır.
Bu mövzuda kömək lazımdır?
Kurslarıma baxın və ya birbaşa mənə yazın — layihənizi birlikdə nəzərdən keçirək.
Bir cavab yazın