SEO-da ən çox nəzarət edə bildiyiniz sahə on page SEO-dur. Backlink almaq rəqibdən asılıdır, alqoritm dəyişikliyi sizdən asılı deyil — amma səhifənin başlığı, strukturu və məzmunu tamamilə sizin əlinizdədir.
Bu məqalədə on page SEO-nun nə olduğunu, hansı elementlərdən ibarət olduğunu və bir səhifəni addım-addım necə optimallaşdırmaq lazım olduğunu izah edəcəyəm. SEO-nun ümumi məntiqi ilə tanış deyilsinizsə, əvvəlcə SEO nədir məqaləmi oxumağınızı tövsiyə edirəm.
On page SEO nədir?
On page SEO (səhifədaxili SEO) bir veb səhifənin axtarış motorlarında daha yaxşı sıralanması üçün həmin səhifənin içində görülən bütün işlərdir. Buraya başlıq, meta təsvir, H başlıqları, məzmun, açar söz istifadəsi, URL, daxili linklər və şəkillər daxildir.
Adından da göründüyü kimi, bütün işlər «səhifənin üzərində» aparılır. Bu, on page SEO-nu off page SEO-dan ayıran əsas cəhətdir — off page saytdan kənarda, əsasən backlinklər üzərində qurulur.
On page SEO-nun məqsədi ikiqatdır: Google-a səhifənin nə haqqında olduğunu aydın izah etmək və istifadəçiyə axtardığı cavabı ən rahat formada çatdırmaq. Bu iki məqsəd bir-birinə zidd deyil — müasir alqoritmdə onlar demək olar ki, eyni şeydir.
On page SEO elementləri hansılardır?
Səhifədaxili optimizasiya bir neçə elementdən ibarətdir. Hər birini ayrıca nəzərdən keçirək.
Title teqi
Title axtarış nəticələrində görünən mavi başlıqdır və on page SEO-nun ən güclü elementidir. Qaydalar sadədir:
- Uzunluq 50–60 simvol — daha uzunu Google kəsir
- Əsas açar söz mümkün qədər başlanğıcda olsun
- Hər səhifənin title-ı unikal olmalıdır
- Klik yaratsın: rəqəm, il, sual forması kömək edir
Meta description
Meta təsvir birbaşa sıralama amili deyil, amma klik nisbətinə (CTR) ciddi təsir edir. Yüksək CTR isə dolayı yolla sıralamaya kömək edir.
Uzunluq 140–160 simvol olsun, açar söz keçsin və səhifənin nə vəd etdiyi aydın yazılsın. Boş qoysanız Google mətndən təsadüfi hissə götürür — bu, çox vaxt zəif görünür.
H1, H2, H3 başlıq strukturu
Başlıqlar səhifənin skeletidir. Həm oxucu, həm də bot məzmunu onlarla naviqasiya edir.
- Səhifədə yalnız bir H1 olmalıdır
- H2-lər əsas bölmələri, H3-lər alt bölmələri bildirir
- Səviyyə atlanmamalıdır — H2-dən birbaşa H4-ə keçmək səhvdir
- H2 başlıqlarında açar söz və onun variantları keçsin
Başlıqları dizayn üçün istifadə etməyin. Mətni böyük göstərmək üçün H2 qoymaq — ən çox rast gəlinən səhvlərdəndir.
Açar söz istifadəsi
Əsas açar söz bu yerlərdə keçməlidir: title, H1, ilk abzas, ən azı bir H2 və URL. Qalan mətndə isə təbii şəkildə, zorla yerləşdirilmədən istifadə olunur.
Sıxlıq haqqında sabit rəqəm yoxdur — mətn təbii səslənirsə, sıxlıq düzgündür. Bu mövzuda ətraflı izahı açar söz sıxlığı məqaləsində yazmışam.
Hansı açar sözü seçmək lazım olduğunu isə açar söz araşdırması məqaləsində addım-addım göstərmişəm.
Məzmunun keyfiyyəti və axtarış niyyəti
Bu, on page SEO-nun ən vacib elementidir. Google səhifəni sıralayarkən əsas sualı budur: bu məzmun istifadəçinin sualına rəqiblərdən yaxşı cavab verirmi?
Axtarış niyyətini (search intent) düzgün oxumaq şərtdir. «SEO nədir» axtaran adam izah gözləyir, «SEO xidməti qiyməti» axtaran isə satın almağa hazırdır. İkinci sorğuya uzun nəzəri məqalə yazsanız, nəticə verməyəcək.
Niyyəti öyrənməyin ən sadə yolu: həmin sorğunu Google-da axtarıb ilk 10 nəticənin hansı formatda olduğuna baxmaq.
URL strukturu
URL qısa, oxunaqlı və açar sözlü olmalıdır. Tarix, rəqəm və lazımsız kateqoriya adlarından çəkinin. Ətraflı qaydaları URL strukturu məqaləsində izah etmişəm.
Daxili linklər
Daxili linklər həm oxucunu saytda saxlayır, həm də səhifələr arasında SEO gücünü paylayır. Üstəlik Google saytın struktur məntiqini məhz onlarla başa düşür.
Bir neçə praktiki qayda: link mətni («anchor») aydın olsun — «buraya klikləyin» yox, hədəf səhifənin mövzusunu bildirsin. Hər yazıda 3–6 daxili link kifayətdir və onlar məntiqi bağlı olmalıdır.
Şəkillərin optimizasiyası
Şəkil faylının adı mənalı olmalı, alt teqi doldurulmalı və həcmi sıxılmalıdır. Bu, həm Google Images-dən əlavə trafik gətirir, həm də səhifə sürətinə birbaşa təsir edir. Ətraflı: Şəkil SEO.
Oxunaqlılıq və səhifə strukturu
Uzun və sıx mətn blokları oxucunu qaçırır. Abzasları 2–4 sətirdə saxlayın, siyahı və cədvəldən istifadə edin, vacib fikirləri qalın yazın.
Uzun məqalələrdə tərkibi (table of contents) əlavə etmək faydalıdır — oxucu istədiyi bölməyə birbaşa keçir, Google isə bəzən həmin keçidləri axtarış nəticəsində göstərir.
On page SEO necə edilir?
Bir səhifəni optimallaşdırarkən bu ardıcıllıqla işləyin:
- Açar sözü seçin və axtarış niyyətini müəyyən edin.
- Rəqibləri oxuyun. İlk 5 nəticə hansı sualları əhatə edir? Nəyi buraxıblar?
- Strukturu qurun. H2 başlıqlarını əvvəlcədən yazın — məzmun sonra gəlir.
- Mətni yazın. Rəqiblərin cavab vermədiyi sualları mütləq əhatə edin.
- Title və meta təsviri yazın. Simvol limitlərinə riayət edin.
- Daxili linkləri əlavə edin — həm bu səhifədən, həm də köhnə yazılardan bu səhifəyə.
- Şəkilləri hazırlayın: fayl adı, alt teq, sıxılma.
- Dərc edin və izləyin. 4–8 həftə sonra Search Console-da mövqeyə baxıb təkmilləşdirin.
Sonuncu addım ən çox atlanılan, amma ən dəyərli addımdır. Mövcud yazını yeniləmək yeni yazı yazmaqdan tez-tez daha sürətli nəticə verir.
On page SEO və off page SEO arasındakı fərq nədir?
| On page SEO | Off page SEO |
|---|---|
| Səhifənin içində görülür | Saytdan kənarda görülür |
| Tam nəzarət sizdədir | Nəzarət qismən başqalarındadır |
| Başlıq, məzmun, struktur, linklər | Backlink, brend qeydləri, sosial siqnallar |
| Nəticə nisbətən tez görünür | Uzun müddət tələb edir |
| Pulsuz, əsasən vaxt tələb edir | Çox vaxt büdcə tələb edir |
Doğru ardıcıllıq belədir: əvvəlcə on page SEO, sonra off page. Zəif optimallaşdırılmış səhifəyə backlink almaq pulu havaya sovurmaqdır.
Bunların hər ikisinin üzərində duran texniki baza isə ayrıca mövzudur — onu technical SEO məqaləsində izah etmişəm.
On page SEO niyə vacibdir?
- Tam nəzarət sizdədir. Heç kimdən asılı deyilsiniz — dəyişiklik elə bu gün edilə bilər.
- Nəticə nisbətən tez görünür. Yaxşı optimallaşdırılmış səhifə bəzən bir neçə həftəyə mövqe qazanır.
- Büdcə tələb etmir. Əsas resurs vaxt və biliklərdir.
- Backlinkin təsirini gücləndirir. Səhifə düzgün qurulmayıbsa, alınan linklər tam işləmir.
- Konversiyanı artırır. Aydın struktur və oxunaqlı mətn ziyarətçini müştəriyə çevirir.
- Alqoritm dəyişikliklərinə davamlıdır. İstifadəçiyə real fayda verən səhifə yeniləmələrdən az zərər görür.
Bu sahəni real sayt üzərində praktiki olaraq öyrənmək istəyirsinizsə, SEO kursuma baxa bilərsiniz. Saytınızın optimallaşdırılmasını mənə həvalə etmək istəyirsinizsə isə SEO xidmətim barədə məlumat ala bilərsiniz.
On page SEO haqqında verilən suallar
On page SEO nə vaxt nəticə verir?
Yeni səhifələrdə 4–12 həftə arasında dəyişir. Mövcud səhifəni yeniləyəndə isə nəticə daha tez — bəzən 1–2 həftəyə görünür, çünki səhifə artıq indeksdədir.
Bir səhifədə neçə açar söz olmalıdır?
Bir əsas açar söz və ona yaxın 3–5 əlavə ifadə. Bir səhifədə bir-birindən uzaq mövzuları birləşdirmək fokusu itirir — belə halda ayrı səhifələr yaratmaq daha düzgündür.
Məqalə neçə söz olmalıdır?
Sabit rəqəm yoxdur. Doğru uzunluq mövzunu tam əhatə etmək üçün lazım olan qədərdir. Amma rəqiblərin orta uzunluğuna baxmaq yaxşı istiqamətdir — nəzəri mövzularda bu, adətən 1500–2500 söz olur.
Köhnə yazıları yeniləmək lazımdırmı?
Bəli, bu, SEO-da ən sərfəli işlərdən biridir. İkinci səhifədə qalan yazıları tapıb genişləndirmək çox vaxt sıfırdan yeni yazı yazmaqdan tez nəticə verir.
Açar sözü mətndə neçə dəfə təkrarlamalıyam?
Sayğac saxlamayın. Mətni oxuyub təbii səslənirsə, sıxlıq düzgündür. Google artıq sinonimləri və mövzu kontekstini başa düşür — zorla təkrar etmək zərər verir.
On page SEO üçün plagin kifayətdirmi?
Rank Math və ya Yoast texniki hissəni asanlaşdırır, amma məzmun qərarlarını sizin yerinizə vermir. Plaginin yaşıl işarəsi yüksək sıralama demək deyil — o, yalnız yoxlama siyahısıdır.
Bu mövzuda kömək lazımdır?
Kurslarıma baxın və ya birbaşa mənə yazın — layihənizi birlikdə nəzərdən keçirək.
Bir cavab yazın