Süni İntellekt Axtarışında necə görünmək olar?

süni intellekt axtarışı (1)

İnsanlar artıq hər şeyi Google-a yazmır. «Bakıda yaxşı SEO mütəxəssisi kimdir?», «hansı hostinqi seçim?», «bu məhsulu haradan alım?» — bu suallar getdikcə daha çox ChatGPT, Gemini və Claude-a verilir.

Cavabda sizin adınız keçmirsə, həmin müştəri sizi heç vaxt tanımayacaq. Bu məqalədə süni intellekt axtarışlarında necə görünməyin praktiki yollarını yazmışam.

Süni intellekt axtarışı nədir?

Ənənəvi axtarışda Google sizə on link verir, siz də hansına girəcəyinizi özünüz seçirsiniz. Süni intellekt axtarışında isə model sualınızı oxuyur, bir neçə mənbəni özü nəzərdən keçirir və hazır cavab yazır.

Fərq budur: əvvəl on namizəd var idi, indi bir cavab var. Həmin cavabda adınız yoxdursa, siz yoxsunuz.

Bu mövzu bəzən AEO (Answer Engine Optimization) və ya GEO (Generative Engine Optimization) adlandırılır. Ad vacib deyil — iş prinsipi vacibdir.

Süni İntellekt Axtarışı zamanı model cavabı haradan götürür?

İki mənbədən:

  • Öyrənmə məlumatından. Model internetdəki mətnlərlə öyrədilib. Brendiniz haqqında orada nə qədər çox və nə qədər aydın yazı varsa, model sizi bir o qədər yaxşı tanıyır.
  • Canlı axtarışdan. Modellərin böyük hissəsi sual veriləndə internetə baxa bilir — bu halda cavab birbaşa axtarış nəticələrindən qurulur.

İkinci yolun praktiki nəticəsi vacibdir: Google-da yaxşı sıralanan sayt AI cavabında da daha çox keçir. Yəni adi SEO işini atıb başqa bir şeyə keçmək lazım deyil — SEO bu işin təməlidir.

Birinci addım: özünüzü yoxlayın

Nəyi düzəldəcəyinizi bilmək üçün hazırkı vəziyyəti görmək lazımdır. Beş dəqiqəlik işdir:

  1. ChatGPT, Gemini və Claude-u açın.
  2. Hər birinə brendinizin adını yazın: «[brend adı] kimdir / nə işlə məşğuldur?»
  3. Sonra müştərinizin verəcəyi sualı yazın: «Bakıda [xidmətiniz] kim edir?»
  4. Cavabları yan-yana qoyun və üç şeyə baxın: adınız keçirmi, məlumat doğrudurmu, mənbə olaraq sizin saytınız göstərilirmi.

Nəticəni bir yerə qeyd edin. Üç aydan sonra eyni sualları təkrar verib müqayisə edəcəksiniz.

Saytınızı modelin oxuya biləcəyi hala salmaq

1. Sual-cavab formatında yazın

Model cavab axtarır, abzas yox. Başlıqlarınızı insanların verdiyi suallar şəklində qurun və cavabı dərhal başlığın altında, bir-iki cümlə ilə verin. Detalları sonra açın.

Səhv: «Xidmətlərimiz haqqında» başlığı altında beş abzas ümumi mətn.
Doğru: «Veb sayt neçəyə başa gəlir?» başlığı altında ilk cümlədə konkret rəqəm aralığı.

2. Konkret olun

«Keyfiyyətli xidmət», «peşəkar yanaşma», «sərfəli qiymət» — bu sözlər modelə heç nə demir, çünki hamı belə yazır. Rəqəm, şəhər, müddət, qiymət aralığı və konkret ad verin. Model sitat gətirə biləcəyi faktı axtarır.

3. Struktur data qoyun

Schema markup saytınızın nə olduğunu maşın dilində izah edir: kimsiniz, hansı xidməti verirsiniz, harada yerləşirsiniz, qiymətiniz nə qədərdir. Bu, modelin məlumatı səhv başa düşmə ehtimalını azaldır.

Minimum dəst: Organization və ya Person, FAQPage, Article, LocalBusiness (lokal bizness üçün).

4. Bir «kimdir» səhifəsi qurun

Model sizi tanımaq üçün bir mənbə axtarır. Saytınızda kim olduğunuzu, nə etdiyinizi, təcrübənizi və əlaqə məlumatını aydın yazan tək bir səhifə olsun. Bu səhifə həm də digər saytların sizə link verəcəyi yerdir.

5. Məzmunu təzə saxlayın

Köhnə tarixli və yenilənməyən məqalə modelin gözündə də etibarını itirir. İldə bir dəfə əsas səhifələri yeniləyin və tarixi dəyişin.

Saytdan kənar iş: adınız başqa yerlərdə keçsin

Bu hissə saytınızdan daha vacibdir. Model bir mənbəyə yox, bir neçə mənbənin üst-üstə düşməsinə baxır.

  • Google Biznes Profili — lokal suallarda ən çox istinad edilən mənbədir. Lokal SEO məqaləsində detallı yazmışam.
  • Kataloq və sahə saytları — sahənizlə bağlı siyahılarda adınızın olması.
  • Müsahibə və qonaq yazıları — başqa saytlarda adınızın keçməsi həm backlink, həm də modelin gözündə istinad deməkdir.
  • Müştəri rəyləri — real adamların yazdığı rəylər modelin «bu brend həqiqətən var» qənaətini gücləndirir.
  • YouTube və sosial şəbəkə — video təsvirləri və profil mətnləri də oxunan məzmundur.

Bir qayda: adınız, xidmətiniz və əlaqə məlumatınız hər yerdə eyni yazılsın. Fərqli yazılış modelin sizi iki ayrı brend sanması ilə nəticələnə bilər.

Süni İntellekt axtarışı ilə adi SEO arasındakı fərq

KateqoriyaAdi axtarışSüni intellekt axtarışı
NəticəOn linkBir hazır cavab
MəqsədBirinci sırada olmaqCavabda sitat gətirilmək
Açar sözQısa ifadələrTam suallar
Vacib olanSıraAydınlıq və etibar
ÖlçməSearch ConsoleƏl ilə yoxlama

Diqqət edin ki, ikisi bir-birini inkar etmir. On-page SEO və texniki SEO düzgün qurulmayan sayt heç bir axtarışda görünmür — nə adi, nə də süni intellekt axtarışında.

Nəticəni necə ölçmək olar

Bu sahədə hələ Search Console kimi rəsmi hesabat yoxdur. Praktik üsullar bunlardır:

  • Rüblük əl yoxlaması. Eyni 10 sualı üç modelə verib cavabları saxlayın, sonra müqayisə edin.
  • Trafik mənbəyi. GA4-də referral siyahısına baxın — AI platformalarından gələn ziyarətçilər orada görünməyə başlayır.
  • Müştəridən soruşun. «Bizi haradan tapdınız?» sualına «ChatGPT-dən soruşdum» cavabı gəlməyə başlayıbsa, iş görünür.

AI Axtarışında nəyə inanmayın

Bu sahə yenidir və ona görə də uydurma ilə doludur. Üç şeyi deyim:

  • ❌ «ChatGPT-də birinci sıraya çıxardırıq» deyənə inanmayın. AI cavabında «sıra» anlayışı yoxdur və heç kim nəticəni zəmanət verə bilməz.
  • ❌ Modelə xüsusi gizli fayl lazım deyil. Saytınızın oxunaqlı, aydın və etibarlı olması əsas amildir.
  • ❌ Nəticə dərhal gəlmir. Modellərin məlumatı aylarla yenilənir. Bu, uzunmüddətli işdir.

AI Axtarışı üçün verilən suallar

SEO artıq lazım deyilmi?

Əksinə. Modellərin böyük hissəsi canlı axtarış nəticələrindən istifadə edir, yəni Google-da görünməyən sayt AI cavabında da görünmür. SEO bu işin təməlidir.

Model mənim haqqımda səhv məlumat verirsə nə etməli?

Doğru məlumatı saytınızda aydın şəkildə yazın və mümkün qədər çox etibarlı mənbədə təkrarlayın. Səhv məlumat çox vaxt internetdəki köhnə və ya ziddiyyətli yazılardan gəlir.

Saytımı AI botlarına bağlamalıyam?

Bu, qərarınızdan asılıdır. Botları bağlasanız, məzmununuz öyrənmə üçün istifadə olunmur — amma cavablarda da görünmürsünüz. Marketinq məqsədi güdürsünüzsə, açıq saxlamaq məntiqlidir.

Azərbaycan dilində yazmaq işə yarayırmı?

Bəli. Azərbaycan dilində məzmun azdır, ona görə yerli suallarda rəqabət də azdır. Sahənizdə azərbaycanca aydın yazılmış material varsa, model çox güman onu götürəcək.

Nədən başlamaq lazımdır

Bu həftə üç şey edin: özünüzü üç modeldə yoxlayın, saytınızda bir «kimdir» səhifəsi qurun və ən vacib üç xidmətiniz üçün sual-cavab formatında səhifə yazın. Qalanı zamanla gəlir.

Süni intellekt alətlərini sıfırdan öyrənmək istəyirsinizsə, Süni İntellekt Kursuma baxa bilərsiniz. SEO tərəfini praktik olaraq qurmaq üçün isə SEO kursum var.

Bu mövzuda kömək lazımdır?

Kurslarıma baxın və ya birbaşa mənə yazın — layihənizi birlikdə nəzərdən keçirək.

Oxumağa davam et

Digər yazılar

search console

Search Console nədir? Vebsaytı Analiz et

Google Search Console nədir, necə quraşdırılır və saytı onunla necə analiz etmək olar? Performance, Pages, Sitemaps və indeksləşmə problemləri bir…