Landing Page nədir? Açılış Səhifəsini düzgün qur

landing page , açılış səhifəsi

Reklama pul verirsiniz, klik gəlir, amma müraciət gəlmir. Çox vaxt səbəb reklamda yox, reklamın gətirdiyi səhifədədir.

Bu məqalədə landing page-in nə olduğunu, ana səhifədən fərqini və işləyən bir açılış səhifəsinin necə qurulduğunu yazmışam. Sonda kopyalaya biləcəyiniz hazır struktur var.

Landing page nədir?

Landing page — azərbaycanca açılış səhifəsi — ziyarətçinin reklamdan və ya linkdən gəlib düşdüyü, tək bir məqsədi olan səhifədir.

Həmin məqsəd bir şey olur: forma doldurmaq, zəng etmək, məhsul almaq və ya qeydiyyatdan keçmək. Başqa heç nə.

Buradaca bir qeyd: GA4-dəki «Landing page» hesabatı bütün giriş səhifələrini göstərir — orada ana səhifəniz də görünə bilər. Bu məqalədə isə söhbət xüsusi qurulmuş satış səhifəsindən gedir.

Landing page-in Ana səhifə ilə fərqi

Ana səhifəAçılış səhifəsi
MəqsədBir neçə — tanıtmaq, yönləndirməkTək bir hərəkət
MenyuTam menyuMenyu yoxdur və ya minimumdur
Çıxış yoluOnlarla linkYalnız hədəf düymə
ZiyarətçiHamıKonkret reklamdan gələn konkret adam
MətnÜmumiHəmin reklamın vədini davam etdirir

Ən çox buraxılan səhv budur: Google Ads və ya Meta reklamı ana səhifəyə yönləndirilir. Adam «qış endirimi» reklamına klikləyir, qarşısına şirkətin ümumi səhifəsi çıxır, endirimi axtarmağa başlayır və iki saniyədən sonra bağlayır.

İşləyən açılış səhifəsinin 7 hissəsi

1. Başlıq — ilk ekranda görünən vəd

Ziyarətçi 3 saniyə ərzində «burada mənə nə təklif olunur?» sualına cavab tapmalıdır. Başlıq reklamdakı sözlərlə üst-üstə düşsün — adam eyni vədi görəndə doğru yerə gəldiyini anlayır.

Zəif: «Peşəkar həllər»
Güclü: «Vebsaytınızı 2 həftəyə hazırlayırıq — domain və hostinq daxil»

2. Sübut — niyə sizə inanmalıdır

Rəqəm, nəticə, müştəri rəyi, əvvəl-sonra şəkli, logo sırası. İnsan yad adamın vədinə inanmır, sübutuna inanır. Uydurma rəqəm yazmayın — bir dəfə tutulanda hər şey gedir.

3. Fayda — xüsusiyyət yox, nəticə

«Responsiv dizayn» xüsusiyyətdir. «Telefondan baxan müştəri saytı rahat oxuyur» faydadır. Hər xüsusiyyəti müştəri dili ilə yazın — 4-6 bənd kifayətdir.

4. Etiraza cavab

Hər müştərinin başında eyni üç-dörd sual olur: bahadır? nə qədər çəkir? sonra kim dəstək verir? işləməsə nə olacaq? Bu sualları gizlətməyin — səhifədə birbaşa cavablandırın. Cavablanmayan etiraz səssizcə səhifəni bağladır.

5. Forma və ya düymə

Tək bir hərəkət olsun. «Bizə yazın», «Zəng edin» və «Sosial şəbəkəyə keçin» düymələrini yan-yana qoymaq seçim yaradır, seçim isə qərarı gecikdirir.

Formada xana sayı birbaşa nəticəyə təsir edir. Qayda sadədir: yalnız sizə lazım olanı soruşun. Əksər hallarda ad və telefon kifayətdir. Şirkət adı, vəzifə, büdcə, şəhər kimi xanaların hər biri bir neçə adamı yarı yolda saxlayır.

6. Risk azaldan cümlə

Formanın altına bir sətir: «Qiymət təklifi ödənişsizdir», «Spam göndərmirik», «24 saat ərzində cavab veririk». Kiçik görünür, amma qərarı asanlaşdırır.

7. Təkrar çağırış

Səhifə uzundursa, hədəf düymə bir neçə yerdə təkrarlansın — ilk ekranda, ortada və sonda. Adam qərarı istədiyi anda verə bilsin, yuxarı qayıtmasın.

Açılış Səhifəsinin Hazır strukturu — kopyalayın

  1. Başlıq + bir cümlə izah + düymə (ilk ekran)
  2. Sübut sətri: rəqəm, logo və ya qısa rəy
  3. Problem: müştərinin yaşadığı çətinlik, onun dili ilə
  4. Həll: 4-6 fayda, hər biri bir sətir
  5. Necə işləyir: 3 addım
  6. Qiymət və ya qiymət aralığı
  7. Verilən suallar: 4-5 etiraz, cavabı ilə
  8. Forma + risk azaldan cümlə

Bu struktur xidmət, kurs və məhsul səhifəsinin hamısında işləyir. Sıranı dəyişmək olar, hissələri atmaq olmaz.

Mobil: büdcənin çox hissəsi oradan gəlir

Azərbaycanda reklam trafikinin böyük hissəsi mobildən gəlir, amma səhifələrin çoxu masaüstündə yoxlanılıb yayımlanır. Üç şeyi telefonda özünüz yoxlayın:

  • Başlıq və düymə barmağınızı sürüşdürmədən görünürmü?
  • Düymə barmaqla rahat basılacaq ölçüdədirmi?
  • Səhifə sağa-sola sürüşürmü? Sürüşürsə, nəsə ekrandan daşır.

Sürət — görünməyən qatil

Gec açılan səhifə ziyarətçini itirir və reklam pulunuz boşa gedir. Üç addım:

  • Şəkilləri sıxın və müasir formatda (WebP) saxlayın
  • Lazımsız plagin və skriptləri bu səhifədən çıxarın
  • Keş plagini qurun

Sürət həm də texniki SEO baxımından sıralama amilidir — yəni iki işi bir yerdə görürsünüz.

Landing Page-də Nəticəni necə ölçmək olar

İki rəqəm kifayətdir:

  • Konversiya faizi — səhifəyə girən 100 nəfərdən neçəsi forma doldurdu
  • Müraciət dəyəri — xərclənən reklam büdcəsi bölünsün müraciət sayına

İkisini də GA4-də konversiya təyin edərək izləmək olar. Səhifədən çıxıb getmiş, amma maraqlanmış adamları geri çağırmaq üçün remarketinq qurun — açılış səhifəsi ilə birlikdə ən çox işləyən cütlük budur.

Səhifənin satış prosesində hansı mərhələyə düşdüyünü anlamaq üçün marketinq qıfı məqaləsinə baxa bilərsiniz.

Açılış Səhifəsində Ən çox buraxılan 6 səhv

  • ❌ Reklamı ana səhifəyə yönləndirmək
  • ❌ Səhifədə bir neçə fərqli hədəf qoymaq
  • ❌ Formada lazımsız xana soruşmaq
  • ❌ Qiymət barədə heç nə yazmamaq — adam qiymət görmədən yazmır
  • ❌ Özü haqqında danışmaq, müştəri haqqında yox
  • ❌ Mobildə yoxlamamaq

Landing Page üçün verilən suallar

Açılış səhifəsi uzun olmalıdır, yoxsa qısa?

Qiymətdən asılıdır. Ucuz və aydın təklif üçün qısa səhifə kifayətdir. Baha və ya izah tələb edən xidmət üçün uzun səhifə lazımdır, çünki daha çox etirazı cavablandırmaq lazım gəlir.

Menyunu tamamilə silmək lazımdırmı?

Reklam trafiki üçün bəli — menyu diqqəti dağıdır. Səhifə həm də axtarışdan trafik alırsa, sadələşdirilmiş menyu saxlamaq olar.

Neçə açılış səhifəsi lazımdır?

Hər xidmət və hər kampaniya üçün ayrıca. Bir səhifə ilə beş fərqli reklam qrupuna xidmət etmək nəticəni zəiflədir.

Yaxşı konversiya faizi neçədir?

Sahəyə görə çox dəyişir, ona görə kənar rəqəmlərə baxmayın. Düzgün yanaşma: öz hazırkı rəqəminizi ölçün və onu yaxşılaşdırmağa çalışın.

Ayrıca alət lazımdırmı?

Xeyr. Adi WordPress saytında da normal açılış səhifəsi qurmaq olar. Vacib olan alət deyil, strukturdur.

Nəticə

Açılış səhifəsi reklam büdcənizin ən ucuz qazanc nöqtəsidir. Reklamı yaxşılaşdırmaq üçün pul lazımdır; səhifəni yaxşılaşdırmaq üçün isə bir axşam vaxt kifayət edir — və nəticə dərhal görünür.

Səhifəni sıfırdan qurmaq lazımdırsa, vebsayt qurmaq məqaləsindən başlayın. Hazır halda təhvil almaq istəyirsinizsə, veb sayt xidmətimə baxa bilərsiniz — domain, hostinq və dizayn bir paketdədir.

Bu mövzuda kömək lazımdır?

Kurslarıma baxın və ya birbaşa mənə yazın — layihənizi birlikdə nəzərdən keçirək.

Oxumağa davam et

Digər yazılar

search console

Search Console nədir? Vebsaytı Analiz et

Google Search Console nədir, necə quraşdırılır və saytı onunla necə analiz etmək olar? Performance, Pages, Sitemaps və indeksləşmə problemləri bir…