SEO-da məzmun və texniki baza öz yerində — amma Google hansı saytın daha etibarlı olduğunu böyük ölçüdə backlinklərə görə müəyyən edir. Başqa saytların sizə verdiyi hər link bir növ səsdir.
Bu məqalədə backlinkin nə olduğunu, hansı növləri olduğunu, keyfiyyətli linki zərərlidən necə ayırmağı və link toplamağın real üsullarını izah edəcəyəm. Əvvəlcə SEO nədir məqaləmi oxumağınızı tövsiyə edirəm.
Backlink nədir?
Backlink bir saytdan başqa sayta verilən linkdir. Sizin saytınıza kənar mənbədən gələn hər link sizin üçün backlinkdir.
Google bunları tövsiyə kimi qiymətləndirir. Nüfuzlu bir sayt sizə link verirsə, deməli məzmununuzu etibarlı sayır. Nə qədər çox keyfiyyətli sayt sizə istinad edirsə, Google gözündə səlahiyyətiniz bir o qədər artır.
Amma vacib məqam budur: say deyil, keyfiyyət önəmlidir. Nüfuzlu bir saytdan gələn tək link, zəif yüz saytdan gələn linkdən dəfələrlə güclüdür.
Backlink işi off-page SEO-nun əsas hissəsidir — yəni saytdan kənarda görülən işlər. Saytın içində görülən işlər isə on-page SEO adlanır.
Backlink növləri hansılardır?
DoFollow və NoFollow
DoFollow linklər SEO gücünü ötürür — standart linklər belədir. NoFollow linklərdə isə rel="nofollow" atributu var və Google-a «bu linki tövsiyə kimi qəbul etmə» siqnalı verir.
Sosial media, forum və şərh linkləri adətən nofollow olur. Bu, onların faydasız olduğu anlamına gəlmir — həmin linklər real trafik gətirir və təbii link profili yaradır.
Təbii, əl ilə alınan və özün qoyduğun linklər
- Təbii linklər — kimsə məzmununuzu bəyənib özü link verir. Ən dəyərli növdür.
- Əl ilə alınan linklər — qonaq yazı, əməkdaşlıq, müsahibə yolu ilə əldə edilir.
- Özün qoyduğun linklər — kataloq, profil, şərh. Ən zəif növdür, həddindən artıq işlədilsə risk yaradır.
Anchor mətninə görə növlər
Linkin görünən mətni anchor adlanır. Sağlam profildə anchor-lar müxtəlif olmalıdır: brend adı, sayt ünvanı, ümumi ifadələr və yalnız bir hissəsi açar sözlü.
Bütün linklərin anchor-u eyni açar söz olsa, Google bunu süni müdaxilə kimi qiymətləndirir.
Keyfiyyətli backlink necə olur?
Link almazdan əvvəl bu meyarlara baxın:
- Mövzu uyğunluğu. Marketinq saytınıza tikinti saytından gələn link məntiqsizdir. Uyğunluq ən vacib meyardır.
- Saytın nüfuzu. Uzun müddət fəaliyyət göstərən, öz trafiki olan saytlar dəyərlidir.
- Real trafik. Ziyarətçisi olmayan sayt Google üçün də az dəyər daşıyır.
- Linkin yeri. Məqalənin mətni içindəki link, footer və ya yan paneldəkindən güclüdür.
- Səhifədəki link sayı. 100 xarici link olan səhifədən gələn linkin gücü bölünür.
- Coğrafiya və dil. Azərbaycan auditoriyasına xidmət edirsinizsə, yerli saytlardan gələn link daha uyğundur.
Backlink necə alınır?
Aşağıdakı üsullar Azərbaycan bazarında praktikada işləyir.
1. Link almağa dəyən məzmun yazın
Ən davamlı üsul budur. İnsanlar hansı məzmuna link verir? Orijinal araşdırmaya, statistikaya, pulsuz alətə, dərin bələdçiyə və şablonlara.
Azərbaycan dilində bir çox mövzuda keyfiyyətli mənbə ümumiyyətlə yoxdur — bu, ciddi imkandır.
2. Qonaq yazı (guest post)
Sahənizlə bağlı saytlara faydalı məqalə yazıb müqabilində link alırsınız. Vacibdir ki, yazı həqiqətən dəyərli olsun — yalnız link üçün yazılan səthi mətnlər qəbul edilmir.
3. Sınıq link üsulu
Sahənizdəki saytlarda işləməyən linkləri tapırsınız, sayt sahibinə yazırsınız: «Bu linkiniz sınıqdır, məndə həmin mövzuda yazı var». Onlar üçün də faydalıdır, ona görə cavab nisbəti yüksək olur.
4. Brend qeydlərini linkə çevirin
Kimsə sizin adınızı çəkib, amma link verməyibsə, yazıb xahiş edin. Bu, ən asan alınan linklərdəndir.
5. Kataloq və peşəkar profillər
Google Biznes Profili, LinkedIn, sahə kataloqları. Gücləri az olsa da, profili təbiiləşdirir və yeni saytlar üçün faydalıdır.
6. Rəqiblərin linklərini araşdırın
Ahrefs və ya Semrush ilə rəqibin hansı saytlardan link aldığını görün. Həmin saytların böyük hissəsi sizə də link verə bilər.
7. Əməkdaşlıq və müsahibələr
Podcast, vebinar, birgə layihə, ekspert rəyi. Bu yolla alınan linklər həm güclü, həm də tamamilə təbii olur.
Zərərli backlinklərdən necə qorunmalı?
Bəzi linklər fayda əvəzinə zərər verir. Aşağıdakılardan uzaq durun:
- Link satan platformalar. «100 backlink 20 manata» təklifləri Google-un birbaşa qadağan etdiyi sxemdir.
- PBN şəbəkələri. Yalnız link vermək üçün qurulmuş saytlar. Aşkarlananda cəza gəlir.
- Mövzusuz kataloqlar. Hər sahədən minlərlə saytı sadalayan siyahılar.
- Spam şərh linkləri. Bloq şərhlərinə avtomatik yerləşdirilən linklər.
- Sürətli süni artım. Yeni saytın bir həftədə yüzlərlə link alması təbii deyil.
Zərərli linklər aşkarlasanız, Google Search Console-un Disavow alətindən istifadə edə bilərsiniz. Amma bu aləti ehtiyatla işlədin — səhvən yaxşı linkləri rədd etmək sıralamanı aşağı salır.
Backlink profilini necə yoxlamaq olar?
| Alət | Nə göstərir | Qiymət |
|---|---|---|
| Google Search Console | Sizə link verən saytlar | Pulsuz |
| Ahrefs | Ən geniş link bazası | Ödənişli |
| Semrush | Link və rəqib analizi | Ödənişli |
| Ubersuggest | Məhdud pulsuz yoxlama | Qismən pulsuz |
Başlanğıc üçün Search Console kifayətdir — orada Links bölməsində sizə link verən saytların siyahısı var.
Backlink niyə vacibdir?
- Google-un əsas sıralama siqnallarındandır. Rəqabətli sorğularda linksiz ilk səhifəyə çıxmaq demək olar mümkün deyil.
- Yeni səhifələrin tapılmasına kömək edir. Bot linkləri izləyərək saytınıza gəlir.
- Birbaşa trafik gətirir. Yaxşı yerləşdirilmiş link təkcə SEO deyil, real ziyarətçi mənbəyidir.
- Etibar yaradır. Nüfuzlu saytda adınızın keçməsi potensial müştəri üçün də siqnaldır.
Amma ardıcıllığı unutmayın: əvvəlcə texniki SEO və on-page işlərini bitirin. Zəif qurulmuş səhifəyə link almaq pulu havaya sovurmaqdır.
Bu sahəni praktiki olaraq öyrənmək istəyirsinizsə SEO kursuma, saytınızın link strategiyasını mənə həvalə etmək istəyirsinizsə SEO xidmətimə baxa bilərsiniz.
Backlink haqqında verilən suallar
Ayda neçə backlink almaq lazımdır?
Sabit rəqəm yoxdur. Təbii artım vacibdir — ayda 3-5 keyfiyyətli link 50 zəif linkdən yaxşıdır. Rəqiblərin profilinə baxıb təxmini hədəf qoymaq daha düzgündür.
Backlink pulla almaq olarmı?
Google-un qaydalarına görə link almaq-satmaq qadağandır və cəza riski yaradır. Praktikada bazarda belə təkliflər çoxdur, amma risk sizin üzərinizdədir. Əməkdaşlıq və məzmun yolu daha təhlükəsizdir.
Backlink nə vaxt nəticə verir?
Google linki tapıb dəyərləndirməsi adətən bir neçə həftə çəkir. Sıralamada nəzərəçarpan dəyişiklik isə 1-3 ay ərzində formalaşır.
NoFollow linkin faydası varmı?
Bəli. Birbaşa SEO gücü ötürməsə də, real trafik gətirir, brend tanınırlığı yaradır və link profilini təbii göstərir. Yalnız dofollow toplamaq süni görünür.
Rəqiblərim mənə zərərli link verirsə nə etməli?
Google spam linkləri əsasən avtomatik nəzərə almır. Ciddi həcmdə şübhəli link görsəniz, Disavow faylı hazırlaya bilərsiniz — amma əvvəlcə peşəkarla məsləhətləşin.
Sosial media linkləri backlink sayılırmı?
Texniki olaraq bəli, amma demək olar hamısı nofollow-dur. Onların əsas faydası trafik və görünürlükdür, sıralamaya birbaşa təsiri zəifdir.
Bu mövzuda kömək lazımdır?
Kurslarıma baxın və ya birbaşa mənə yazın — layihənizi birlikdə nəzərdən keçirək.
Bir cavab yazın